Qayıbova Aytac  Şiir

Əli Yar’a Yetməyənlər

Əli Yar'a Yetməyənlər

Əli Yar’a Yetməyənlər..

Nakam məhəbbətlər olmasaydı bəlkə də ədəbiyyat da, olmazdı. Hər insanın dərinliklərinə enməyi bacaran bir şair, yazıçı yaxud bir misra, bir bənd mütləq ki vardır. Məsələn, mənim üçün Aşıq Ədəbiyyatında Aşıq Ələsgərin və Aşıq Abbas Tufarqanlının yeri əvəzolunmazdır. Yaxud, ‘şeir’ deyiləndə başımda dolanan ad Şəhriyardır. Qəzəlin adı çəkilsə, Füzuli və Vahid misraları dövr edir yaddaşımda. Düşünürəm ki, ədəbiyyatı sevən insanların sevə bilməyəcəyi heçnə yoxdu..

****

~Aşıq Abbas Tufarqanlı:

Azərbaycan folklorunun ən gözəl nümunələrindən biri olan “Abbas-Gülgəz” dastanını xatırlayır insan bir anlıq. Ədəbiyyatımızın nakamlarından biri də Aşıq Abbas Tufarqanlıdır. ‘Bikəs’, ‘Şikəstə’, ‘Qul’ təxəllüsləri ilə yazan Aşıq Abbas şeirlərində özünəməxsus bir dillə yar’a yetməyən əlindən söz salır. Yar’ının bivəfaləğından gileylənir.

“Yeridim, yeridim, yetə bilmədim,

Dərdü-qəm əlindən yata bilmədim.

Bir yorğun ovçuydum, tuta bilmədim,

Ovum qarlı dağlar aşdı da getdi.

Yaxşı olar el içində qul adı,

Çeşmim yaşı yar qapısın suladı.

Könül quşu göydə qanad buladı,

Qırdı şikar bəndin, uşdu da getdi.

Mən Abbasam, yalan gəlməz dilimə,

Qeyri bülbül qona bilməz gülümə,

Tərlan düşdü mən nadanın əlinə,

Ovlaya bilmədim, qaşdı da getdi.”

Şeirlərində Gülgəz-Pəri deyə xitab etdiyi gözələ məhəbbətini və ondan ayrı düşməsini sarı simə toxunaraq vurğulayır…

“Başına döndüyüm, ay Gülgəz Pəri,

Çəkərəm hicranı dərd ayağından.

Elin töhmətindən, fələk cəbrindən,

Düşmüşəm çöllərə dərd ayağından.

Pərim, sənin üzün görən tər salar,

Öldürsələr meyli dönməz tərsalar,

Hicrandan məşq alar, qəmdən dərs alar,

Sən mənə dərs verdin dərd ayağından.

Qabaq Aydır, zülf buluddur, üz gündür,

Sənsiz mənim bir saatım yüz gündür,

Heç demirsən, qul Abbasım üzgündür,

Qəm başından tutar, dərd ayağından.”

Aşıq Abbas Tufarqanlı şeirləri, qoşmaları bu gün də, musiqi sənətimizdə müstəsna rola malikdir. Əski çağlardan bu yana ifaçı aşıqların repertuarı məhz Aşıq Abbas Tufarqanlı, Aşıq Ələsgər kimi yaradıcı aşıqların şeirləri ilə bəzənmişdir. Güney Azərbaycanda yaşayıb yaradan Aşıq Abbas Tufarqanlı irsi nəinki indi hətta bundan əsrlər sonrası üçün də ən böyük zinətdir.

“Başma döndüyüm, alagöz Pəri,

Gahdan ağla, gahdan yada sal məni.

Qara bağrım şan-şan oldu, dəlindi,

Gahdan ağla, gahdan yada sal məni.

Bağban idim, bağım təğayir oldu,

Gözüm gördü, ağlım təğayir oldu,

Xoryat əli dəydi, təğayir oldu,

Gahdan ağla, gahdan yada sal məni.

Mən sənə can dedim, sən də mənə can,

Alış eşq oduna, mənim kimi yan,

Adım Aşıq Abbas, yerim Tufarqan,

Gahdan ağla, gahdan yada sal məni..”

*************

~Aşıq Ələsgər:

Ələsgəri aşiq aşıq edən bir də Səhnəbanı vardı…

Ələsgər 14 yaşında olanda Kərbəlayi Qurban adlı varlı bir kişiyə nökərlik edir. Elə onun 12,13 yaşlı qızı Səhnəbanıya da aşiq olur. Kərbəlayi Qurbanın qardaşı Pullu Məhərrəm Səhnəbanını öz oğluna almaq istəyir və Ələsgəri qovdurur. Beləliklə sevdiyi qızdan ayrı qalan Ələsgər 40 yaşına qədər nakam məhəbbətinə sadiq qalır. 40 yaşından sonra ailə qursa da ard-arda bir çox fəlakətlərlə üzləşməli olur…

“Ömrüm ah-vay ilə kеçdi dünyada,

Həsrət qaldım, əlim yara yеtmədi.

Nеçə namə yazdım canan еlinə,

Hеç birisi o diyara yеtmədi.

Nə doyunca nazlı yarı görmədim,

Nə dilimlə əhvalını sormadım,

Bağ bəslədim, qönçə gülün dərmədim,

Xəzan oldu, bağçam bara yеtmədi.

Dağların köysündə qar nişanası,

Gül üstə görünür xar nişanası,

Ölürəm, qəlbimdə yar nişanası,

Gözü yolda, intizara yеtmədi.

Gözü yaşlı, еy füqəra Ələsgər,

İşi əysik, baxtı qara Ələsgər,

Olmadı dərdinə çara, Ələsgər,

Həsrət əlin o dildara yеtmədi.”

Əli yarına yetməyən Aşıq Ələsgər hər sözünü, söhbətini nakam eşqinə ünvanlayıb sanki..

“Səndən ötrü ömrüm barın bеcərdim,

Mübarək dəstinlə dе bir üz, bir üz!

Ölüb bu dünyadan həsrət gеdirəm,

Qoysan üzüm üstə dе bir üz, bir üz!

İpək nazbalışa Mina dayandı,

Həcər nalə çəkdi Minada, yandı.

Həsrətindən dərdim minə dayandı,

Sən gəlsən, əysilər dе bir üz, bir üz.

Bayqu həsrət çəkdi, yara vеrmədi,

Təbib nеştər vurdu, yara vеrmədi.

Yazıq Ələsgər, əlin yara yеtmədi,

Çalxan qəm bəhrində, dе bir üz, bir üz”

**********

Seyyid Məhəmmədhüseyn Behcət Təbrizi; Şəhriyar:

Bəlkə də ədəbiyyatımızın ən nakam şairi elə məhz Şəhriyardır..

Tələbəlik illərində Sürəyya adlı gözəl bir qıza vurulan Şəhriyar bütün şeirlərini ona həsr edir. Şair Şəhriyar artıq aşiq Şəhriyar olur. Əfsus ki, Sürəyyaya aşiq olan İran şahının qohumu bu sevgiyə nida qoyur.

Deyilənə görə bir gecə razılaşıb qaçmaq istəyib aşiqlər. Sübhə kimi gözləyən Şəhriyar Sürəyyanın gəlməyəcəyini anlayıb və ‘Ulduz Sayaraq Gözləmişəm Hər Gecə Yarı’ adlı şeirini yazıb..

“Ulduz sayaraq gözləmişəm hər gecə yarı,

Gec gəlmədədir yar, yenə olmuş gecə yarı.

Gözlər asılı yox nə qaraltı, nə də bir səs,

Batmış qulağım gör nə düşürməkdədi darı.

Yatmış hamı, bir Allah oyaqdır, daha bir mən,

Məndən aşağı kimsə yox, ondansa yuxarı.

Qorxum budu yar gəlməyə birdən açıla sübh

Bağrım yarılır, sübhüm açılma səni tarı.

Dan ulduzu istər çıxa, göz yalvarı çıxma!

O çıxmasa da ulduzumun yoxdu çıxarı.

Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh,

Qaş böylə ağardıqca, daha qaş da ağarı.

Eşqin ki, qərarında vəfa olmayacaqmış,

Bilməm ki, təbiət niyə qoymuş bu qərarı?

Sanki xoruzun son banı xəncərdi soxuldu,

Sinəmdə ürək varsa, kəsib qırdı damarı.

Rişxəndilə qırcandı səhər, söylədi: durma!

Can qorxusu var eşqin, uduzdun bu qumarı.

Oldum qara gün ayrılalı, ol sarı teldən,

Bunca qara günlərdir edən rəngimi sarı.

Göz yaşları hər yerdən axarsa, məni tuşlar,

Dəryaya tərəf bəllidi çayların axarı.

Əz bəs məni yarpaq kimi, hicrində saraldıb,

Baxsan üzünə, sanki qızıl güldü qızarı.

Mehrabi şəfəqdə özümü səcdədə gördüm,

Qan içrə qəmim yox, üzüm olsun sənə sarı.

Eşqi var idi Şəhriyarın güllü çiçəkli,

Əfsus qəza vurdu, xəzan oldu baharı.”

Sevgisinə görə Nişapura sürgün edilən Şəhriyar illər sonra xəstəxanada ona baş çəkməyə gələn sevdiyinə ‘İndi Niyə?’ şeirini yazır.

“Gəlmisən, canım sənə qurban ola, indi niyə?

Düşmüşəm əldən daha, ey bivəfa, indi niyə?

Nuşdarusən, fəqət Söhrab olub, gec gəlmisən!

Eyləməz təsir ona heç bir dəva, indi niyə?

Mümkün olsa, mərhəmət qıl, ömrülərdə yox vəfa!

Bəxş edən mehmanına zövqü-səfa, indi niyə?

Mən cavankən zövq alırdım, nazənin, zülmündən,

Eyləyirsən söylə bəs cövrü-cəfa indi niyə?

Bir şirin söhpət üçün əydim önündə qəddimi!

Zəhr tək verdin cavab Fərhadına indi niyə?

Ey qara hicran, əlindən bircə dəm göz yummadım!

Bəxtimi sən tutmusan bu laylaya indi niyə?

Asiman qıldı pərişan, halımı zar eylədi!

Çulğalıbdır ömrümü min bir bəla indi niyə?

Sən ki, gül hicrində, təbim, lal kimi xamuş idin,

Salmısan bülbül kimi şuri-nəva, indi niyə?

Sən Həbibsiz Şəhriyarım, getməz idin heç yana,

Son səfərdir, tək çıxmısan son yola, indi niyə?”

Sevdiyi qız üçün bir-birindən gözəl misraları olan Şəhriyarın; “Köynəyin Qoxusu”, “Dəli Pəri”, “Behçətabad Xatirəsi”, “Odda Yanan Pərvanə” kimi ölməz əsərləri qiymətli xəzinəmizdir. Ən gözəl nümunələrin hicran atəşilə yazıldığının bir daha şahidi oluruq. Həqiqətən də bəddua əvəzinə şeirlərə, misralara tutunanlar əsl ölməzlik qazananlardır..!

Yazar: Qayıbova Aytac

Əli Yar’a Yetməyənlər, Şəhriyar, Köynəyin Qoxusu, Dəli Pəri, Behçətabad Xatirəsi, Odda Yanan Pərvanə, şeir, Şəhriyar Sürəyya, Ulduz Sayaraq Gözləmişəm Hər Gecə Yarı, Aşıq Ələsgər, Aşıq Abbas Tufarqanlı, Gülgəz-Pəri, Fuzuli,

Gülten AJDER

Kitap okumayı seven insanlar daha zeki ve daha başarılı olurlar. Bende bu yüzden kitap okumayı sevdirmek istedim bu site ile. Gizli kalmış bütün bilgilerin kitaplarda saklı olduğuna inandığımdan, kültür seviyemizi yükseltmek, bilgi hazinemizi daha da zenginleştirmek, gizli yeteneklerin ortaya çıkmasına destek olabilmek için, okusun yazsın benim ülkemin insanları diye bir işin ucundan tutmak isteyen birisiyim.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu