Güzel Bir Hikaye ‘Bir Eslim Varmış’ 5. Bölüm
(Açılan Keçmiş)
O gün bütün sirlərin açılacağından xəbərsiz idim mən. Çox az-az danışırdı düzdü, ancaq, əsas olan danışmağıydı deyə düşünürdüm. Bir sabah yenə adətim üzrə onu baş çəkmək üçün ya da yoxlamaq üçün deyim, otağına getdim. Üzünə baxanda yenə yuxusuz bir gecənin ağuşunda olduğunu anlamaq çətin olmurdu. Bu dəfə o təklif etmədən keçib oturdum. Nəsə danışacaqmış kimi sakitcə gözləməyə başladım. Bir neçə dəqiqə sonra elə bir of çəkdi ki, bütün bədənim üşüdü, sonar danışmağa başladı…
“Həyatda anamı itirdikdən sonra tək bir qadına güvəndim, sevdim. Düzdü çox kiçik idim. ən çox 12 ya 13 yaşım olardı…
Yenə dərdlərim məni qucaqlamış, əl çəkməməkdə qərarlı idi və mən ondan qurtulmaq üçün tək təsəllini anamın soyuq məzarından alırdım. Nə vaxt yorulsam, bezsəm, küssəm onun yanına gedərdim, dərtləşərdik, bəzənsə ağlayardıq anamın məzarıyla…
O gün yenə anamla dərtləşmək üçün məzarlığa getmişdim. Biraz sonra hıçqırıq səslərinə ürpərərək başımı qaldırdım və onu gördüm…
İlk orda gördüm onu, “Əslimi”. Atasının məzarıyla danışırdı, o da, soyuq məzardan təsəlli gözləyirdi mənim kimi. Elə o gün bağlandım ona, elə o gün sevdim onu. Kənd içi olduğu üçün ehtiyyat etsək də, bilirdik ki, o insanı qılınc kimi kəsən soyuq qış səhərləri heç kim gəlməz məzarlıq tərəflərə. Anamın ən çox sevdiyi bir şalı vardı, üşüməsin deyə o şalı ona vermişdim. Hər sabah ona bükülüb gələrdi məzarlığa.
Əvvəl ana, atamızla tək dərtləşib sonra bir-birimizə təsəlli olmağa çalışardıq. 7 il keçdi, dağ boyda 7 il. Biz bu 7 il ərzində hər gün bir yerdə ağladıq, bir yerdə güldük o məzarlıqda…
Bir gün adıma çağırış vərəqəsi gəldi, çoxdandı gözlədiyimiz o müvəqqəti ayrılıq gəlib çatmışdı. Ancaq yenə xoşbəxt idik, mən əsgərlikdən qayıdan kimi evlənəcəkdik. Sabah gedəcəkdim və biz bu gün son dəfə görüşdük.
Söz verdi mənə, “sən gələnə qədər deyil mən ölənə qədər gözləyəcəm səni, səndən başqası olmayıb, olmayacaq, hər gün sən gələnə kimi ananla dərtləşəcəm narahat olma. İkimiz də səni gözləyəcəyik, inan mənə” dedi. Axı o anamın gəliniydi, ona inanmaya bilməzdim. Anamla gözləyəcəkdi məni, anamla….
(Səsindəki titrəyiş, dolan gözləri, daralan nəfəsi o soyuq qış səhərlərinin qılıncından daha kəsgin idi indi mənim üçün.)
Cəmi 5 ay keçdi 5 ay….
5 ay sonra atamdan məktub gəlmişdi…
“Aslan, oğlum, bizdən narahat qalma, bacıların da, mən də yaxşıyıq. Ancaq bilirsən ki, bacıların evləndikdən sonra tək qalmışdım, odur ki mən kəntdəki rəhmətlik Yaşar dayının qızına adam göndərdim, anası dul qadındı, borc-xərcləri çoxuydu onların əvəzində qızı mənə verməyi qəbul elədi. 1 həftədi Əslimlə kəbin kəsdirmişəm. Nigaran qalma daha o mənə yaxşı baxır. Allah qoysa sən də sağsalamat gələrsən atan səni də halal süd əmmiş bir qızla evləndirər…”
Rəhmətlik Yaşar dayının qızı deyəndə mən yox idim artıq…
O məktubdan cəmi 1 həfdə keçdi məni xəstəxanaya apardılar sonra da bura gətirdilər. Anamın gəlini anama da, mənə də xəyanət etmişdi. O gün tövbə elədim adını anmağa, oyaq olanda özümə hakim ola bilirəm ancaq, yatanda adını sayaqlamamağı bacarmıram. Ağzımı açıb söz demək istəsəm dilimdən adı çıxır ona görə danışmıram mən. Yatası olsam yuxularımdan getmir, ona görə yatmaq istəmirəm mən. Hər gün eyni şeyləri düşünürəm. Mən hansı günahın sahibiyəm ki, mənim sevdiyim qız mənim xəyallarımı mənlə yox atamla həyata keçirdir….
Bilirsən, bir qızı olub indi, bacım olub….
Adını Zinyət qoyublar…
Anamın adını qızına qoyub mən buna necə dözüm?!”
Nə qədər ağladım bilmirəm ancaq, o susanda gözlərim tamam şişmişdi. Elə o da, eyni vəziyyətdəydi. Cümlələrim qırılıb boğazıma batdığı üçün heçnə deyə bilmədim o gün ona. Lal olmuş kimi sakitcə çıxmışdım otaqdan….
Yazar: Qayıbova Aytac
Hikayenin Bölümleri
hikaye, hikaye oku, hikaye okuma, hikaye örnekleri, azerbaycan, azerbaycan hikayeleri, aşk, aşk hikayesi, kısa hikaye, kısa aşk hikayesi,