Aşk Mektupları “26 11” V
İl neçə olur olsun, günlər, aylar, fəsillər dəyişir amma dəyişməyən şeylər var, gözümün nuru. İlk məktubunu hələ keçən həftə oxuya bilmişəm. Bilirsən, indi mənə də sənin kimi xitab edirlər burda. Adımı sayaxlaya-sayaxlaya getmisən burdan. Elə eşitdim yəni. Gedərkən küsmüşdünmü mənə? İncikmisən hələ də? Eh, gözümün nuru, bilmirsən nələrdən keçdim. Niyə sənə gəlib çata bilmədim. Bilirsən də mən ən çox saçlarını sevərdim sənin. Sən həmişə inadlaşıb açıq tökərdin, mən də həmişə deyinə-deyinə güc bəla öyrəndiyim o məşhur hörüyü hörərdim. Kaş bizim saatın əqrəbi elə oradaca dayanıb qalaydı, gözümün nuru. Kaş elə o məsum, saf və səni özündən çox sevən Əli olsaydım yenə. Olmadı, bacarmadım, bacara bilmədim…
‘Gəl, nağıl danışım sənə. Elə nağıl ki başdan sonacan ikimizdən danışsın’. Yazmısan ilk məktubunda. Hansı nağıl idi mənə danışacağın nağıl? Başdan sonacan demisən, sonumuz gəlmədən sonmu yazmışdın bizə? Yoxsa artıq bilirdin, hiss etmişdin ki, gəlib sənə çata bilməyəcək fikrinin, zikrinin əzbəri olan bu aciz adam? Bəlkəsiz günahkaram gözündə sənin. Bəlkəsiz aciz. Keşkələrdən uzaq bir ömrün sözünü vermişdim halbuki sənə. Yuxulardan söz açmısan sonra. Hansı yuxular, gözümün nuru? Yuxuylamı başlamışdı bizim yarımçıq hekayəmiz? Bəs yaxşı yuxuylamı sonlandı? O qədər cavabsız suallarım var ki indi. Bu qədər cavabsız sualların ovcunda basdırıb getmisən məni. İndi bəlkə mən də səni günahkar görməliyəm. Nə deyirsən, haqqım varmı buna? Baş qaldıraq demisən bu nağıla, məni nöqtəylə nida, özünü vergüllə sual etmisən. Bəs onda niyə sonra məni bu qədər suallara qərq edib, çıxıb təkcə getmisən? ‘Bezsən, yorulsan məndən ara-sıra qaçaq sonra yenə qayıdaq bir-birimizə’ demisən. Gözümün nuru, mən illərə inad savaşıb, səni bircə dəfə görə bilmək üçün nələrdən keçdim. Sənə çata bilməsəm də yoxluğuna çatdım. İndi bu nə nisgildi salmısan bizi? Yazmağı bacardığın tək üçcə hərfin bezərdimi səndən?!
Sonlara doğru ‘Ölüm olmasın bizim nağılımızda’ yazmısan. Ölüm olmayacaqdı eləmi? Bəs niyə indi bütün künclərdən ruhlar uçuşur göylərə tərəf? Bu hekayədə sözünü tuta bilməyən tək mən olmadım, gözümün nuru. Kaş bir hekayəmiz olardı, elə hekayə ki başdan-başa yasəmən qoxan. Axı sən ən çox yasəmən ətrini sevərdin,gözümün nuru…
Yazar: Qayıbova Aytac
Hikayenin Bölümleri
aşk hikayesi, hikaye, aşk hikayeleri, hikaye oku, hikaye okuma, aşk mektupları, aşk mektubu,