Aşk Mektupları “26 11 (Yirmialtı Onbir)”
II Məktub
“Cümlələrim qırılıb batır indi hər ağzımı açıb nəsə demək istəyəndə, əvvəl boğazıma, sonra gənziyimə, sonra isə dodaqlarıma…
16 il əvvəlki o gecə kimi yağır bu gün yağış. O gecədən bu günə çox şey dəyişib indi, düz deyirsən. İndi çöldə leysan olan yağış o vaxtı üstümə yağırdı. Onda mən islanırdım o qaranlıq, boş, kimsəsiz, xaraba küçədə. İndi islada bilmir heç bir yağış məni. Əslində bilirsən islanmaq üçün də darıxmışam səninlə. Mən o gecədən sonra heç islanmadım ki, Əli.
İmkan vermədilər ki səninlə etdiyimiz şeyləri təkrarlayam. İmkan vermədilər ki yağışın damlalarına qarışıb, çılpaq ayaqlarımı küçədə yağışın əmələ gətirdiyi gölməçələrdə gəzdirim. İmkan vermədilər, Əli, səninlə yaşadığım heç nəyi yenidən yaşaya bilmədim mən. Böyüyə bilmədim, Əli. Yadındadı son islandığımız gün? Sən də susursan, Əli. İndi sən də, hər kəs kimi susursan, cavab vermirsən mənə. O divarda necə gizlənirsən bəs? Necə zirzəmilərdən süzülüb keçirsən? Bəs niyə illər keçsə də böyümürsən, dəyişmirsən, Əli?!
————-
Kəsmirəm səsimi… Əl çəkin məndən, toxunmayın mənə…
————
Aaaaaaaaaaaaaa
————
Qollarım ağrıyır, Əli. Yenə bu kəfən kimi ağ parça ilə bağlayıblar qollarımı biri-birinə. Mənim qollarım uşaqkən bircə sənə vərdiş etmişdi yadındadı? Bəs indi niyə bu parçaya alışdırırlar bədənimi? Başa düşmürlər məni, Əli. Anlamır məni bu daş-divarlar, bu dəmirdən qapı, bu barmaqlıqlarla bağlı pəncərə, bu çarpayı anlamır məni. Mənim uşaqlığım öldü, Əli. Biləyimə bağladığın o hörülmüş qolbağı ilə küçənin ortasında səni səsləyərkən öldü o balaca, 6 yaşındakı qızcığaz. Taxtaları çürümüş köhnə pilləkənlərə mənə öyrətdiyin cəmi üç hərfi daş kömürlərlə yazmağa çalışdığım zaman əllərimin sızıltısından ufuldayaraq yuxuya gedərkən öldü o qızcığaz. Bilirsən, aradan 16 il keçib amma hələ də cəmi üç hərf bilirəm mən o boyda əlifbadan. Cəmi üç hərf…
“Ə
レ
İ”
Öyrənmək istəmədim başqa heç bir hərfi mən o gündən sonra. Sözünü niyə tutmadın bəs?
“Bu hərfləri yan-yana yazanda mənim adım əmələ gəlir, adımı nə vaxt yazsan mən sənin yanında olacam, mən səni heç vaxt tək qoymayacam..” demişdin. 16 ildə adını yazmadığım qarış qalmadı bəs niyə mənim qollarım hələ də bu ağ parça ilə bağlıdı, Əli? Əvvəllər barmağıma dikan batanda səsimi eşidib bir nəfəsdə yanıma qaçardın sən harda olsan. İndi niyə qulağına çatmır bu boyda fəryadım? O ağ xalatlı kişi bura gələndə üstümə qışqırır eləcə. “Bəsdi daha, səsin götürüb bütün binanı. Nə qədər öz-özünə danışıb, qışqırmaq olar?!!” deyir mənə. Axı mən səninlə pıçıltı ilə danışıram, Əli. Onlar niyə eşidir, sən eşitmirsən səsimi? Niyə ağ paltarlılar gəlib bədənimə dikan kimi birşeyi sancıb gedirlər amma sən gəlib ancaq divarda gizlənirsən? Niyə sənə toxuna bilmirəm mən? Dırnaqlarımı kəsdilər dünən. Divarlara sürtməkdən qanayıbmış hamısı. Yenə incitdilər əllərimi, barmaqlarımı. Başa sala bilmədim, Əli. Sənə toxuna bilmək üçün divarları açmağa çalışdığımı izah edə bilmədim. Ayaq səsləri eşidirsən sən də? Gizlən burda, gəlirlər yenə. Yenə bədənimə sancılacaq ucu biz kimi olan o böyük dikan. Yenə istəmədən yuxuya gedəcəm, yenə yuxumda səni, məni, bizi görəcəm. Sonra oyanıb yenə sənə gələcəm, amma sən getmə yaxşımı? Sən elə burdaca gizlən, elə burdaca gözlə məni…”
Yazar: Qayıbova Aytac
Hikayenin Bölümleri
hikayesi, hikaye, aşk hikayeleri, hikaye oku, hikaye okuma, aşk mektupları, aşk mektubu,