Aşk Mektupları “26 11” VI
VI Məktub
Mənsiz qalıb, mənlə danışdığın hər günün əvəzində damcı-damcı pay edirəm ömrümü, gözümün nuru. Artıq 9 gündür ki sənlə sirdaş olan bu zirzəmiylə yoldaşam. Biz hər şeyi birgə yaşayacaqdıq, xatırlayırsanmı, gözümün nuru? Sən uçmaq üçün tələssən də, mən sənə çatmaq üçün sənin qədər qalmalı olacam bu xarabada. Xaraba, həə yaxşı yadıma düşdü. Məktublarında ‘xaraba’ demisən bu dört divara. Axı sən, sənə yoldaş olanlara sadiq qalardın, nə dəyişdi ki sənin dünənin, mənim bu günüm olan bu zirzəmiyə xaraba dedin?
Üçüncü məktubunda; ‘ Neçə saat keçib bilmirəm, amma istəmədiyim halda saatlarla yatızdırırlar məni. Dünən belə idi, bu gün belədi və sabah da belə olacaq bu. Bəs hələ neçə saat beləcə dəvam edəcək? Etməyəcək, Əli. Bir gün daha sabah açılmayacaq; mənim üçün, bizim üçün bitəcək bütün sabahlar’yazmısan. Sən əvvəldən bilirdin eləmi, gözümün nuru, bilirdin ki, hərşey elə belə də olacaq? İndi rollar dəyişib, görürsən, indi mənəm sənin yerində. Bəs sən, sən niyə mənim yerimdə olmaq yerinə ölməyi seçdin? Bilirsən, indi bütün cümlələrim sənin seçdiyin sözlərlə başlayır, bitir. Sən yazmışdın xatırlayırsan? Yazmışdın ki; ‘artıq mən tamamilə sənləşərək, sən olmuşam, Əli’ bax, indi mən də, tamamilə sənləşərək sən oluram, gözümün nuru. Bəzən düşünürəm ki, kaş yenə mən səndən kilometrlərlə uzaqda olaydım, bircə sən nəfəs alaydın, gözümün nuru. Deyirlər, torpağın üzü soyuq olur. Həqiqətən elədirmi? Həqiqətən unudurmu köçüb gedən, arxasında buraxdığı bütöv bir keçmişi və yarımçıq qalan gələcəyini? Kifayət etmirmiş, gözümün nuru, kifayət etmirmiş. Sadəcə sevib, sadiq qalmaq kifayətli deyilmiş xoşbəxt ola bilmək üçün. Kifayət deyilmiş, sadəcə uğruna hər gecə-gündüz alışıb yanmaq kifayət deyilmiş. Halbuki sən dırnaqlarınla divarları qazıyıb məni axtararkən mən dırnaqlarımla sənə gələn yolları inşa edirdim. Bu yarımçıq sonluğu kim yazdı bizim hekayəmizə? Kimin məğlubiyyəti, kimin zəfəri oldu bu? Bircə bunu bilirəm ki, bu hekayənin uduzanı nə sən deyilsən, nə də mən, gözümün nuru. Biz səninlə finalı görə bilməyən obrazlar kimiyik. Səhnənin ən gözəl başlanğıcı, eyni zamanda ən böyük itkisi…
Yazar: Qayıbova Aytac
Hikayenin Bölümleri
aşk hikayesi, hikaye, aşk hikayeleri, hikaye oku, hikaye okuma, aşk mektupları, aşk mektubu,