Aşk Mektupları “26 11” VIII
VIII Məktub
Yazmaqla bitmir, Kölgə. Nə fikirlərimi, nə yaşadıqlarımı, nə də hisslərimi sözlərə, cümlələrə sığışdıra bilmirəm. Balaca bir oğlan uşağını yola salmışdın sən. Daha doğrusu balaca bir oğlan uşağının arxasınca ağlamışdın sən. Bəlkə də səni qoyub getməməliydim illər əvvəl. Bəlkə də nə səni, nə də özümü bədbəxt etməməliydim. Bəlkə də elə beş il əvvəl səni yenidən tapmışkən özümlə aparmalıydım.
Ən azından gəlişimdən xəbərdar etməliydim səni. Nə qədər səhvlərim var mənim, ilahi!!!
İnsanın xoşbəxtliyi də, məhvi də bir insandan nə qədər asılı olarmış, necə yıxıb talan edərmiş uğruna bütün həyatını heç etdiyin insana gəlib çatmamaq. Saçlarım ağarır, gözümün nuru. Adın qədər ağ saçlarım var indi. Bilirsən, bu gün sahib olduğum hər şey adın qədərdir. Bircə sən yoxsan, Kölgə. Lap elə qocalanacan saçlarını hörə bilərdim, gözümün nuru. Lap elə qocalanacan ovuclarına yığdığın rəngli daşları saya bilərdim. İnan mənə, gözümün nuru, lap elə qocalanacan səni, sadəcə səni sevə bilərdim….
Ehh, nə danışıram mən?! Başımı itirmişəm deyirəm, inanan yoxdu mənə. Heç sən də, fikir vermirsən, gözümün nuru. Bir demirsən ki, ay axmaq özünə gəl, sən onsuzda ölənə kimi sadəcə məni sevəcəksən..!
Kölgə, adın ən çox adıma yaraşardı, adın bircə adıma yaraşardı, niyə bəs adımla deyil də bir daş parçasıyla birləşib indi?! Adına ömür dediyim qadın niyə yoluma kin bəslər oldu?
İndi bu lazımsız qoca da orda dayanıb lal-dinməz mənə tamaşa edir. Arada bir istəyir dinib nəsə desin amma sonra daşınır fikrindən.
O da sənin kimi tərsdi, gözümün nuru. Amma yox, nə danışıram, nə bu dünyada nə də digərində səndən tərs, qərarsız, küsəyən, əsəbi insan tapıla bilməz. Bilirsən, bütün xüsusiyyətlərini sevirdim, gözümün nuru. Görəsən, son günə kimi yenə də eyni Kölgəmiydin? Görəsən qoyub getdiyim qız dəyişmişdimi heç? İndi daha çox bezirəm bu həyatdan. Sənə bir sirr verim, gözümün nuru. İllər ərzində hər gün nələrsə cızma-qara etdim sənin üçün. Nə göndərməyə cəsarətim olmadı, nə də göndərəcək yerim. Onsuz da oxuya bilməyəcəkdin, gözümün nuru. Onsuz da əbəs yerə yazdığımı bilərək yazırdım sənə. Sən elə bilirsən səndən əl çəkib biryolluq çıxmışdım həyatından. Amma mən heç vaxt uzaqlaşmamışdım səndən, gözümün nuru. Sənin adını daşıyan o kiçik kitabçama günü bu gün də nələrsə cızma-qara edirəm. Heç oxumayacağını bildiyim halda çarəsizcə yazıram, sonra yazdığım sətirlərdə çarəsizcə azıram. Bax belə, gözümün nuru, bax belə. Beləcə keçir dəqiqələr, saatlar, günlər.
Yazar; Qayıbova Aytac
Hikayenin Bölümleri
aşk hikayesi, hikaye, aşk hikayeleri, hikaye oku, hikaye okuma, aşk mektupları, aşk mektubu,