Güzel Bir Hikaye ‘Bir Eslim Varmış’ 7. Bölüm
(Sözümü Tuturam)
Aslan canını yanımda, düz gözlərimin qabağında tapşırmışdı. Aslanın istəyi ilə cənazəsini kəndinə göndərmədik və burada dəfn edildi. Onun otağına köçmüşdüm. Demək olarki daha heç öz evimə getmirdim. Bu dispanserdən sayısız insanlar gəlib keçmişdi, lakin, heç biri Aslan qədər silinməz, unudulmaz olmamışdı. Mən sanki qulluq etdiyim xəstəmi yox canımdan, qanımdan birini itirmişdim. Boş yerə deyilməyib ki; ~əsas olan qan bağı deyil can bağıdır~ deyə. Aslandan sonra uzun müddət özümə gələ bilməmişdim. Əllərimin arasına qoyub, köçdüyü o kağızı belə hardasa 3 ya da 4 ay sonra oxumuşdum. Yenə halallıq istəmişdi o kövrək qəlbli xəstə əsgər. Və sonda bir xahişim var dediyi isə Əslimi tapıb ondan həqiqəti öyrənməyim olmuşdu. Nə olursa olsun etməliydim bunu. Son istəyi idi məndən, etməsəm olmazdı. Dispanserdən illik icazəmi götürüb kiçik bir çanta hazırladım elə həmin gün.
Səhər artıq yoldaydım. Torpağında o əsgər kimi neçə neçə igidləri, nakamları, bəxtsiz gəncləri, xəstə, məzlum, cəfakeş anaları, çarəsiz qadınları, qızları və başqa bilmədiyimiz bir çox insanları yetişdirən, sirlərlə, tarixlə, keçmişlərlə dolu o ucqar kəndə tərəf yola düşmüşdüm. Ora çatanda neynəyəcəyimi, kimə, hara üz tutacağımı, necə qarşılanacağımı belə bilmirdim. Bəlkə də, qovulacaq ya da heç sayılmayacaqdım. Ancaq, hər nə ilə qarşılaşsam da, peşman olmayacağıma əmin idim gəldiyim üçün. 2 gün yol gəlib, axırki çatmışdım əsgərin kəndinə. Əslimi soruşsam yaxşı alınmazdı deyə düşünüb Aslanın adını çəkdim. Atasının evini xəbər aldım. 10, 11 yaşı olan bir oğlan uşağı göstərdi mənə evlərini. Həyətə daxil olduğum zaman, evin arxa hissəsindən qadın səsinə bənzər boğunuq hıçqırıq səsləri eşitdim. Yanılmırdım, arxadakı çardaqda körpəsini və bir də Aslanın şəklini bağrına basaraq ağlayan bir qız oturmuşdu…
Soruşmadan bildim ki, bu qız bizim əsgərin son nəfəsi, yuxuları, xəyalları, axirəti olan Əslim, qucağındakı körpə isə Aslanın anasının adını daşıyan, Aslanın heç görmədiyi bacısı Zinyətdi. Mən biraz da yaxınlaşdığım zaman gördü Əslim məni, diksindi bir anlıq, şəkli gizləməyə çalışdı, qorxdu bəlkədə. Narahat olmamağı üçün onu tanıdığımı və hər şeyi bildiyimi dedim. Əvvəl çəkinsə də, Aslanın son günlərində nələr etdiyini bilmək üçün bəlkə də, təsəlli almaq üçün ya da özünü daha çox günahlandırmaq üçün yaxınlaşdı və biz başladıq söhbət etməyə. Yaradan o qədər gözəl və incəliklə qurmuşdu ki, zamanı sanki o da istəyirdi Aslanın son istəyinin yerinə yetməyini. Aslanın atası rayon mərkəzinə getmişdi və sabah axşama qayıdacaqdı, mənsə bu müddət ərzində son borcumu yerinə yetirə biləcəkdim. Aslanın verdiyi kağızı ona verəndə mənə elə sarılıb ağladı ki, bunu təsvir etmək mümkün deyil. Cümlələr aciz, cümlələr yarım qalar o an qarşısında.
Kənardan səsimizin eşidilməsindən ehtiyyat etdiyimiz üçün evə qalxdıq, körpə Zinyət yatdıqdan sonra Əslim, Aslanın gələrkən özümlə gətirdiyim əşyalarını qucaqlayıb, ağlayaraq danışmağa başladı…
“Məni günahkar bilməkdə Aslan da haqlıydı, sən də. Çox günahkaram onun yanında. Bu gün ölsəm, axirətdə üzünə baxmağa üzüm yoxdu. Bilirsən, onu çox sevdim, inan mənə ölümünə sevdim. Söz vermişdim gözləyəcəm deyə, ancaq onun olacam deyə. Allah şahidimki qəlbimə ondan başqası toxunmayıb, ürəyim ondan başqası üçün döyünməyib. Aslanı yeni yola saldığım günlər nəfəs ala bilmirdim onsuz. Hər gün gedib danışdığımız soyuq məzarlarla daha tək danışırdım. Oğlu gələ bilmir deyə küsməməsi üçün əvvəlcə Aslanın anasının məzarı ilə dərtləşirdim. İkimizin də gözlədiyi tək ümüd, sığınacaq idi o. Sonra atamın məzarıyla dərtləşərdim. Ona da, Aslandan danışardım. Bir neçə ay hər gün eyni şeylər oldu. Gün sayırdım, tez qayıtsın deyə.
Atam rəhmətə gedəndən sonra anam tək qalmışdı. 2 balaca qardaşım 1 də ən balacamız, son beşiyimiz Sona vardı ailəmizdə. Evin böyük övladı idim mən, qardaşlarım Cavad və Əkrəm əkizdi 4 yaşları vardı, Sona yeni doğulmuşdu atam rəhmətə gedəndə. Anam dul qadın olduğu üçün çox şeyi çatdıra bilməsə də, biz heç vaxt ondan heç nəyi tələb etməzdik. Bəzi gecələr ac yatırdıq, bəzi gecələr işıqsız, bəzən də odunsuz. Ancaq heç vaxt anamızı incitməzdik. Ac olanda toxuq, üşüyəndə istidi deyərdik. Qaranlıqdan qorxsaq bir- birimizə sarılardıq. Elə hala düşmüşdük ki, kəntdəki hər qonşuya borcumuz varıydı. Kimindən ərzaq, kimindən pul, kimindən odun, kimilərindənsə köhnə paltarlar almışdıq. Aradan 7 il keçmişdi, dağ boyda 7 il. Bütün dərdlərimi unutduranım idi Aslan, o qədər dərdin içində tək xoşbəxtliyim idi bəlkədə. Mənim 18, qardaşlarımın 11, balaca Sonamızın da 7 yaşı vardı. Aslan gedəndən bir neçə ay sonra Sona bərk xəstələndi. Neynəsək də həkim lazım idi. Yoxsa gözümüzün qabağında ölürdü Sonamız. Elə həmin vaxtlarda Aslanın bacıları ataları üçün mənə elçi gəldilər.
Vəziyyətimizdən xəbərləri varıymış, biliblər ki bizi razı salmağın mütləq bir çarəsin tapacaqlar. Bütün borclarımızı ödəməyi üstünə götürdü Aslanın atası İlqar. Daha sonra ona razılıq versəm Sonanı rayon xəstəxansına aparıb, müalicə etdirəcək, hər ay anamgilə həm ərzaqla həm də pulla kömək edəcəkdi. Bacım ölməsin, qardaşlarım oxusun, ac yatmasınlar, üşüməsinlər, anamın yükü azalsın deyə özümdən keçdim, razılıq verdim ki, Sona sağalan kimi evlənəcəm onunla. Sözündə durdu, bacımı sağaltdırdı, borclarımızı ödədi, daha ailəm ac yatmayacaqdı. Sözünü tutmaq sırası mənə çatmışdı. Bir neçə gün sonra sevdiyimə gəlin köçəcəyim evə ögey ana adıyla köçdüm…
Mən hər gün mənə məzar olan bu evdə Aslanın xəyalıyla danışır, onun otağında saatlarla onun ətrini alırdım. Aslan qızımızın olmağını çox istəyirdi anasının adını qoyacaqdı çünki. Vaxt keçdi bir qızım oldu, adını Zinyət qoymaq istədim, İlqar çox təəcübləndisə də, heçnə demədi razılaşdı o da.
O gündən təsəllim qızım, Zinyətim oldu. Aslanın otağına tez-tez girə bilmək üçün İlqarı razı saldım ki, Aslanın otağını Zinyət üçün hazırlayım. Aslan da, gələndə daha böyük otağı hazırlayaram onun üçün. Bir təhər razılaşmışdı. Aslanın olan heç nəyə toxunmamışdım. Əli dəyən hər əşyasında onu axtarırdım. Artıq Zinyəti bəhanə edib bu otaqdan çıxmırdım belə. Aslanın ölüm xəbəri gələndə, öldüm mən də onunla. Onun qəlbini necə sızlatmışdımsa qəlbim birə min, minə milyon sızlayırdı. Ancaq bu dəfə ki, sızıltı fərqliydi, cənazəni orda dəfn etməkləri də son nəfəsimi aldı sanki. Yenə burda dəfn edilsəydi hər an qaçıb məzarına sarıla bilərdim, indi ona da ixtiyarım yoxdu. Mən Aslana yox atası İlqara gəlin olduğum gün kəfənim biçilmişdi, Aslan canını tapşırıb torpağa köçəndə də qəbrim qazılıb, üstüm örtüldü. İndi tək qarşıma duran Zinyətimdi. Yetimliyi daddıra bilmərəm qızıma, yoxsa qardaşı heç bağışlamaz məni… Qızımı böyüdüb, Aslana qovuşacağım günü gözləyəcəm bundan sonra. Bu da tək təsəllimdi mənim…”
Əslim sözünü tamamlayanda səhər açılmışdı artıq, bütün gecə Aslana aid olan əşyalar, Aslana aid olan keçmiş və xəyallarla, eyni zamanda onun üçün axan göz yaşlarıyla keçmişdi. Biraz sonra Əslimdən məni məzarlığa aparmağını xahiş etdim və biz birgə getdik, Aslanın anasının məzarına. Oğlunun salamını gətirmişdim bu uzun müddətdir ki, oğlunun yolunu gözləyən anaya. Anasından da halallıq istəyib ayrıldım o soyuq qış günü od tutub yanan isti məzarlıqdan. Əslimlə də sağollaşıb, balaca qızcığazı, kiçik Zinyəti də öpüb kəndin çıxışına tərəf yollandım. Bəlkə də ilk dəfə səyyah olmaq keçdi ürəyimdən. Bəlkə də ilk dəfə insan olduğumu, insan kimi yaşadığımı fərq etdim. Bəlkəsiz Aslan mənə çox şeyi öyrətmişdi bu dəqiq idi. Ancaq bu kəndə gəlməyim həyatımı tamamilə dəyişdirdi. Mən o gün bu kəntdən ayrılarkən sadəcə bir vəsiyyəti yerinə yetirməmişdim. Ardımda böyük bir keçmiş, böyük bir dastan, böyük bir həyatın izlərini qoyub getmişdim. Mən bu kəntdə Aslan kimi bir yaralı əsgərin Əslimini qoyub getmişdim… Mən «Bir Əslim» qoyub getmişdim….!
SON
Yazar: Qayıbova Aytac
Hikayenin Bölümleri
hikaye, hikaye oku, hikaye okuma, hikaye örnekleri, azerbaycan, azerbaycan hikayeleri, aşk, aşk hikayesi, kısa hikaye, kısa aşk hikayesi,